Radiozond hava şarının önəmi | Aeroloji stansiyada müşahidələr bərpa olundu
Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən Aeroloji Stansiyasında müşahidələr bərpa edilib və ilk radiozond hava şarı buraxılıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova açıqlama verib.
O, əvvəlcə hava şarının önəmindən söz açıb: “Havaya buraxılan radiozond ölkədə Erkən Xəbərdarlıq Sisteminə böyük töhfə olacaq. Havaya buraxdığımız radiozondlar bizə gələcəkdə hava proqnozlarının tərtibatı, eyni zamanda xəbərdarlıqların hazırlanmasında imkanlar yaradacaq. Sözügedən radiozond 30 kilometr yüksəkliyə qalxır, eyni zamanda 200 kilometr radiusda da hava şəraiti haqqında məlumat verir”.
G.Abbasova bildirib ki, radiozondlar havanın temperaturu, təzyiqi, küləyin sürəti, istiqaməti, eyni zamanda bir çox parametrlərin ölçülməsini həyata keçirir və məlumatlar onlayn olaraq mərkəzi serverə ötürülür.
“Növbəti mərhələdə qeyd olunan məlumatların təhlil edilməsi və proqnozların hazırlanmasında istifadəsi nəzərdə tutulur. Eyni zamanda bu prosesi iqlim dəyişmələrinə adaptasiya kimi də qiymətləndirmək olar”, – deyə rəis müavini qeyd edib.