Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
Ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 8-də davam etdirilib.
İclasda törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkən Vahid Əliyev təqsirləndirilən şəxslə tanışlığının olmadığını, R.Vardanyanı sosial şəbəkələr və media vasitəsilə tanıdığını bildirib.
O, Ermənistan Ordusunun hərbi təxribatı zamanı açılmış atəş nəticəsində yaralandığını, döyüş yoldaşlarının bir neçəsinin isə şəhid olduğunu və müxtəlif xəsarətlər aldıqlarını deyib.
Zərərçəkmiş Anar Cəlalov ifadəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi təxribatı zamanı atılmış artilleriya mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib.
O, hadisə zamanı hərbi hissənin qərargah rəisi olduğunu söyləyib və əlavə edib: “Qarşı tərəfdən top atəşləri açılırdı. Həmin vaxt xidmət yoldaşlarımdan xəsarət alanlar və şəhidlik zirvəsinə ucalanlar oldu”.
Bundan başqa, zərərçəkmiş Xocavənd istiqamətində atəşkəsin tez-tez pozulduğunu, qarşı tərəfin bütün atıcı silahlardan istifadə etdiyini bildirib.
İfadə verən zərərçəkmiş şəxs, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tibb xidməti rəisi olmuş Aqşin Balakişiyev düşmən təxribatı nəticəsində arxa məntəqədə düşmən artilleriyasından açılan atəş nəticəsində yaralandığını deyib.
O, çalışdığı səyyar tibb məntəqəsinin döyüş şəraitindən 5-10 kilometr arxada olduğunu, məntəqənin tibb məntəqəsi olmasını göstərən işarənin (qırmızı aypara şəkli) mövcudluğuna baxmayaraq, atəşə tutulduğunu söyləyib.
“Orada bütün həkimlərin və sanitarların qollarında qırmızı bayraq olur. Bizim tibb məntəqəmizlə yanaşı, həm sanitar maşınlarımız, həm sanitarlarımız, həm də həkimlərimiz düşmən təxribatı nəticəsində artilleriya zərbələrinə məruz qalmışdı. Yəni, beynəlxalq konvensiyanın tələbləri pozulub”, ‒ deyə o bildirib.
Zərərçəkmiş Fərhad Tağıyev Ağdamda yaralı hərbi qulluqçuları təxliyə etmək üçün sanitar avtomobillə gedərkən nəqliyyat vasitəsinin vurulduğunu bildirib.
Digər zərərçəkənlər onların mövqelərinə atəş açıldığını bildirib, özlərinin müxtəlif xəsarətlər aldıqlarını deyiblər.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib. Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin olunub.
#Ruben Vardanyan teqi istifadə olunub
- AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV
- Ruben Vardanyanın terror təşkilatları ilə əlaqələri ifşa olundu
- Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib - Baku TV CANLI
- Vardanyanın məhkəməsində faciəvi hadisələrin detalları açıqlandı
- Vardanyan məhkəmədən nə xahiş etdi? - Zərərçəkənlərin ifadələri... - Baku TV
