“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndləri də hədəf alaraq dəfələrlə ağır artilleriya və ballistik raket hücumları edib.
Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 28-də Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və bir sıra ticarət obyektlərinin yerləşdiyi əraziyə qadağan olunmuş kaset bombaları və raket zərbələri endirib.
Hücum nəticəsində şəhid olan dinc sakinlərin yaxınları Baku TV-yə danışaraq həmin günü xatırlayıblar.
Şəhid Amil Cəfərovun həyat yoldaşı onun ən böyük arzusunun övladlarını məktəbə aparıb-gətirmək olduğunu deyib:
“Həyat yoldaşım şəhid olanda uşaqlarım körpə idi. Aysun onda heç danışa bilmirdi. Qızının dilindən "ata" sözünü eşidə bilmədi”.
Şəhid Ruslan Abbasovun anası Səadət Abbasova isə hücumun baş verdiyi gün oğlunu çox axtardığını, daha sonra isə ölüm xəbərini aldığını kədər içində xatırlayıb:
“Evdə oturmuşduq. Səs-küy eşitdik. Yoldaşım Ruslanı axtarmağa getdi, amma tapa bilmədi. Sonra xəbər gəldi ki, onu kimsə maşına qoyub aparıb. Qaça-qaça gedib balamı axtardım, amma tapa bilmədim. Axşam isə onun rəhmətə getdiyini dedilər. İki uşağı yadigar qalıb, onlar üçün yaşamağa məcburam. Ruslan mənim tək övladım, gözümün işığı idi”.
#Bərdə terroru teqi istifadə olunub
