Sakinlərin gecə yuxusu niyə ərşə çəkilib? | Biləcəridəki problem nə vaxt həll olunacaq? - Baku TV
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsinin sakinləri yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərən metal qəbulu müəssisəsindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, gecə və səhər saatlarında əraziyə yük maşınları gəlir. Metalların boşaldılması zamanı səs-küy yaranır ki, bu da vətəndaşların rahatlığını pozur. Onlar dəfələrlə müəssisə rəhbərliyinə yaxınlaşaraq iradlarını bildirsələr də, heç bir nəticə əldə olunmayıb.
“Çox əziyyət çəkirik. Gecə vaxtı yük maşınları gəlir, səs-küy yaranır, yata bilmirik”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
“Bir ildir biz burada sakit yaşaya bilmirik. Səs-küy, natəmizlik, tullantıların yandırılmasından gələn qoxu bizi narahat edir”.
Adının açıqlanmasını istəməyən sözügedən metal qəbulu müəssisəsinin əməkdaşı iddialara cavab olaraq bildirib ki, gecə saat 12-dən sonra obyektdə iş aparılmır:
“Bir dəfə cərimə də ödəmişəm. Gecə saat 12-dən sonra burada iş görülmür. İş səhər saat 09:00-da başlayır, mallar yüklənir və gündüz saat 13:00-da işlər yekunlaşır”.
