Sakinlərin qorxulu yuxusuna çevrilən yol | “2 gənc də buna görə öldü” - Baku TV
Masazır-Novxanı yolunda işıqlandırmanın olmaması və təhlükəsizlik tədbirlərinin yetərsizliyi sakinlərin narahatlığına səbəb olur.
Sakinlərin sözlərinə görə, ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Bir neçə gün əvvəl iki gəncin ölümü ilə nəticələnən qəza da yoldakı təhlükəni bir daha gündəmə gətirib.
Onlar bildirirlər ki, yolun müəyyən hissələrində işıqlandırma yoxdur, piyada keçidi quraşdırılmayıb. Sürücülərin yüksək sürətlə hərəkət etməsi, eləcə də yolun döngəli olması qəza riskini daha da artırır. Ərazidə yaşayış komplekslərinin yerləşməsi isə təhlükəni artıran amillərdəndir.
Yolun işıqlandırılması ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, digər qəsəbələrdə işlər başa çatdıqdan sonra plan üzrə sözügedən ərazidə də təmir-bərpa işlərinə başlanılacaq. Qeyd olunan ərazi üçün lazımi materialların sifarişi də verilib.
Piyada keçidinin olmaması ilə bağlı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, əraziyə baxış keçiriləcək və müvafiq təhlillər aparılacaq.
