Xaçmazda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfrans
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan konfrans keçirilib.
İştirakçılar əvvəlcə dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi.
Qeyd edilib ki, dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Bu gün üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.
Digər çıxış edənlər ulu öndərin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsindən danışıb, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən söz açıblar.
Sonra ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir konsert proqramı ilə davam edib.