Xətaidə kanalizasiya problemi | Üstü açıq quyu sakinlər üçün təhlükə yaradır - Baku TV
Xətai rayonunun Musa Əsgərov küçəsində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, kanalizasiya xəttinin çəkilməsi məqsədilə təxminən bir metr dərinliyində quyu qazılıb. Lakin bir aydan artıqdır ki, quyu açıq vəziyyətdə qalıb.
Ərazidə işlərin aparılması üçün borular və digər ləvazimatlar gətirilsə də, sakinlərin sözlərinə görə, kanalizasiya xəttinin çəkilişi başa çatdırılmayıb.
Sakinlər həmçinin bir neçə gün əvvəl kanalizasiya xəttindən çirkab suların küçəyə axdığını bildiriblər. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciətdən sonra ərazidə müəyyən işlər görülsə də, problem tam aradan qaldırılmayıb.
Açıq qalan quyu isə ərazidə yaşayanlar üçün əlavə təhlükə yaradır. Sakinlərin sözlərinə görə, küçədə uşaqlar da hərəkət edir və xüsusilə gecə saatlarında quyuya düşmə riski artır.
Ərazidə quyuda suyun toplanması torpaq səddinin yuyulmasına da səbəb olub. Bu vəziyyət davam edərsə, suyun təsiri ilə yol örtüyünün çökməsi riski yarana bilər.
