Zəfər Günü Xaçmazda təntənə ilə qeyd olundu | RİH başçısı şəhid ailələri ilə görüşdü
Xaçmazda 8 Noyabr – Zəfər Günü təntənə ilə qeyd olunub.
Şanlı Qələbənin dördüncü ildönümü ilə əlaqədar bütün küçə və prospektlər, parklar, bina və eyvanlar Azərbaycan Bayrağı ilə bəzədilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, millət vəkili Sevil Mikayılova, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini yad ediblər.
Sakinlər rayon Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın xatirəsini ehtiramla anıblar.
İcra başçısı Elnur Rzayev şəhid ailələri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi və möhtəşəm diplomatik addımları ilə Ordumuz Vətən müharibəsində misilsiz qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin edib. Zəfər Günü müasir tariximizin ən parlaq və şanlı səhifəsidir.
Zəfər Günü ilə əlaqədar Köhnə Xudat kəndində ağacəkmə aksiyası da keçirilib. İcra başçısı Elnur Rzayev və digər rəsmi şəxslər Xaçmazdan olan şəhidlərin hər birinin xatirəsinə bir ağac əkiblər.