890 Rusiya hərbçisi öldürüldü! | Aİ hərəkətə keçdi: Ruslar geri çəkilir?
Rusiya silahlı qüvvələri sentyabrın 11-i gecə saatlarında Ukraynanın ərazilərinə dron və raketlərlə zərbələr endirib.
Ümumilikdə 32 idarə olunan bomba atılıb və 204 artilleriya hücumu həyata keçirilib.
Sumıya endirilən aviazərbələr nəticəsində təhsil müəssisəsinin binası ciddi ziyan görüb, genişmiqyaslı yanğın başlayıb, dağıntılar qeydə alınıb. Yaxınlıqda olan bir neçə avtomobilə və üç çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.
Ukrayna hərbi qərərgahından bildirilib ki, son sutka ərzində cəbhədə 205 döyüş qeydə alınıb, onların əksəriyyəti Pokrovsk istiqamətində olub. Bununla yanaşı, Ukrayna Rusiyanın 890 hərbçisini öldürüb.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 17 PUA-nı məhv edib. Zərərçəkən və ya dağıntılarla bağlı məlumat verilməyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumlarının fonunda Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Ukraynaya hərbi və maliyyə dəstəyini gücləndirməklə yanaşı, Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.
O qeyd edib ki, Aİ artıq Ukraynaya 170 milyard avroya yaxın hərbi və maliyyə yardımı ayırıb. Hazırda uzunmüddətli dəstəyin təmin edilməsi üçün yeni mexanizmlər hazırlanır.
