Bütün İranın gözlədiyi xəbər | Xamenei özünə kimi varis seçəcək?
İranda ölkənin 85 yaşlı ali dini lideri Əli Xameneinin varisi ilə bağlı müzakirələr yenidən aktivləşib.
Mövzunun geniş müzakirəsinə səbəb İran Ekspertlər Şurasının üzvü və İsfahanın cümə imamı Əbülhəsən Məhdəvinin Xameneinin istəyi və tapşırığı əsasında dini liderdən sonrakı dövr üçün 3 nəfərin namizədliyinin təsdiqləndiyi haqda açıqlamasıdır.
İran teleqram kanallarının məlumatına görə, Donald Trampın ABŞ-də prezident seçilməsindən sonra Xamenei Ekspertlər Şurasının üzvlərini bir araya toplayıb və İranın gələcək ali rəhbəri olacaq varis məsələsini müzakirə edib. 88 nəfərdən ibarət Ekspertlər Şurası önündə çıxışında Xamenei açıq şəkildə bildirib ki, gec-tez varis məsələsi gündəmə gəlməlidir və şura üzvləri bu barədə indidən düşünsələr, yaxşıdır. O, cəmiyyəti də buna yavaş-yavaş hazırlamaq lazım olduğunu deyib.
Seçilən 3 nəfərin kimliyi açıqlanmır. Ancaq iranlı ekspertlər Xameneinin ali rəhbər postuna varisi kimi oğlu Müctəbanı hazırladığını iddia edirlər.
Qeyd edək ki, Müctəba Xamenei ilə İranın Prezidenti Məsud Pezeşkianın münasibətlərinin o qədər də isti olmadığı haqda mediada məlumatlar da yayılıb.