İran tərəfindən 4 nəfər əsir götürüldü? | Detallar üzə çıxdı
Bu həftənin əvvəlində İsrail Ordusunun xüsusi təyinatlıları Suriyanın Masyaf bölgəsində SEPAH-a məxsus hərbi obyektlərdə reyd keçirib.
Ölkə mediasının yaydığı məlumata görə, anidən sözügedən məntəqələrin üzərində İsrailə məxsus helikopterlər görünüb və cəmi bir neçə dəqiqədən sonra desant qüvvələri həmin əraziyə endirilib.
Tərəflər arasında baş verən silahlı toqquşma nəticəsində bir neçə suriyalı öldürülüb. İran tərəfindən isə 4 nəfərin əsir götürüldüyü ehtimal olunur.
Eyni zamanda İsrail hərbçiləri ərazidən çox sayda məxfi sənəd və avadanlıqları da müsadirə ediblər. Daha sonra həmin əraziyə partlayıcı qurğu yerləşdirilib.
Məlumatda deyilir ki, obyektdə kimyəvi silahlarla yanaşı, ballistik pilotsuz uçuş aparatlarının hazırlandığı da ortaya çıxıb. Hətta mediada reydlərdən birinin Rusiyanın Suriyadakı Hərbiləşdirilmiş Rabitə Mərkəzində keçirildiyinə dair iddialar da yayılıb.
Daha bir xəbərdə isə eyni anda bir neçə hərbi obyektdə reydin təşkil edildiyi və çoxsaylı itkilərin olduğu yazılıb.
Qeyd edək ki, Tehran və onun müttəfiqlərinə aid olan silahlı birləşmələrin hərbi baza kimi istifadə etdiyi bölgə əvvəllər də dəfələrlə hücuma məruz qalıb. Baş verən hadisələrdə isə Təl-Əvivin rolunun olub-olmamasına dair müzakirələr də aparılıb.