Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması və ya müşahidəçi statusu alması ilə bağlı təklifindən sonra Kremlin sözçüsü Dmitri Peskov təşəbbüsü məntiqli və təbii adlandırıb. Moskva bu yanaşmanı Rusiyada yaşayan türk xalqlarının tarixi və etnik bağları ilə əsaslandırıb.
Siyasi şərhçi Oqtay Qasımov Baku TV-yə açıqlamasında bildirib ki, Moskvanın bu məsələdə mövqeyi yeni deyil. Onun sözlərinə görə, bir neçə il əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar fikirlər səsləndirmişdi.
Ekspert hesab edir ki, Rusiyanın TDT-də təmsil olunması təşkilatın mahiyyətinə və türk dövlətlərinin maraqlarına uyğun deyil:
“Rusiya hesab edir ki, Türk dünyası ölkələri arasında inteqrasiya güclənir və Türk Dövlətləri Təşkilatı regional və qlobal proseslərdə getdikcə daha aktiv rol oynayır. Moskva indidən bu prosesi nəzarət altına almaqda maraqlı ola bilər”.
Oqtay Qasımovun fikrincə, Rusiyada yaşayan türk xalqlarının mövcudluğu həmin ölkənin TDT-yə üzv olması üçün əsas sayıla bilməz. Əks halda, eyni məntiqlə İran və Çin kimi ölkələrin də təşkilata qoşulması məsələsi gündəmə gələ bilər.
“Bu halda təşkilat öz mahiyyətini ciddi şəkildə itirə bilər. Rusiyanın səsvermə hüququ əldə etməsi ona təşkilatı başqa istiqamətə yönəltmək və öz maraqlarına xidmət edən formata çevirmək imkanı verə bilər. Bu, istisna deyil”, – deyə siyasi şərhçi bildirib.
#Oqtay Qasımov teqi istifadə olunub
