Moskvadakı terrorda həlak olan bacıların dəhşətə gətirən hekayəsi
“Crocus City Hall”da baş verən terror aktı nəticəsində həlak olan 2 bacının həyat hekayəsi Rusiyada gündəm olub.
Bu barədə onların ailə dostu yerli mediaya açıqlayıb.
Məlumata görə, həyatlarında 2 dəfə eyni dəhşətin şahidi olan Anna və Tatyana Makarski bacıları ilk dəfə olaraq 25 il əvvəl terror hadisəsi ilə üzləşiblər.
Belə ki, 1999-cu ildə ölkənin Volqodonsk şəhərində yerləşən Oktyabrskoye şosesində 35 saylı evin yaxınlığında güclü partlayış baş verib. Partlayıcı maddə daşıyan QAZ-53 markalı yük maşını havaya uçub. Hadisə nəticəsində 19 nəfər ölüb, 89 nəfər yaralanıb.
Həmin vaxtlarda Annanın 17, bacısı Tatyananın isə cəmi 9 yaşı olub.
Qeyd edək ki, onların Qaqarin küçəsində yerləşən evləri partlayışın episentrindən 70 metr aralıda yerləşirdi.
“Qızların yaşadığı mənzilin şüşələri sınmışdı. Nəticədə bütün ailə üzvləri xəsarət almışdı. Bu, onların həyatlarında gördüyü ikinci terror aktı idi”, – deyə Makarski ailəsinin dostu yerli mediaya açıqlaması zamanı deyib.