Roma Papası Rusiyaya çağırış etdi
Roma Papası Fransisk Vatikanda bazar günü həftəlik çıxışı zamanı Rusiyaya müraciət ünvanlayıb. O, rəsmi Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.
“Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır”, – deyə pontifik bəyan edib.
“Mən Kreml nümayəndələrini Qara Dəniz Təşəbbüsünü bərpa etməyə çağırıram ki, taxılın təhlükəsiz daşınması mümkün olsun”, – deyə Roma Papası bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşdə Moskvanın “taxıl sazişi”nə qarşı olmadığını və Rusiya tərəfinin irəli sürdüyü bütün əsas şərtlər yerinə yetirilən kimi ona qayıtmağa hazır olduğunu bildirib.