Zelenski Fransız əsgərlərinin Ukraynada ölməsini istəmədiyini bildirib | Rob Bauer
"Ukrayna Prezidenti Volodimir Zelenski NATO ölkələrindən əsgər yox, silah və pul istəyib".
Bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
"Zelenski hərbçi göndərməyi xahiş etməyib. Fransa Prezidenti Emmanuel Makron NATO qoşunlarının Ukraynaya göndərilməsi ideyasını irəli sürən kimi Zelenski dərhal fransız əsgərlərinin Ukraynada ölməsini istəmədiyini bildirib", – deyə R.Bauer iddia edib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti açıq şəkildə bəyan edib ki, Kiyevə silah-sursat lazımdır.
"Maraqlısı odur ki, o, təkcə mərmilərdən danışmayıb, həm də puldan danışıb. Ukraynanın ölkə daxilində bəzi silah növləri istehsal etmək imkanı var, lakin bunun üçün vəsait lazımdır. Eyni zamanda Ukraynaya təkcə qumbara lazım deyil, yeni əsgərlər lazımdır. Çünki əsgərlər ölür, əsgərlər yaralanır. Deməli, çağırışdan, səfərbərlikdən danışmaq lazımdır", – deyə NATO rəsmisi bildirib.