Mənzillər və bahalı avtomobillər | İslam Rzayev məhkəmə qarşısına çıxır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş icra başçısının həbs qoyulan mülklərinin, demək olar ki, hamısı Bakıda yerləşir.
Həbs qoyulan əmlaklar arasında Bakıda fərqli ünvanlarda bir neçə mənzil, bağ evi, qeyri-yaşayış sahələri (obyektlər) və üç bahalı minik avtomobili var. Sabiq icra başçısının doğulduğu Göyçay rayonundakı bağ evinə də həbs qoyulub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır. Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
İslam Rzayevin işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə günü keçiriləcək.
Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
#İslam Rzayev teqi istifadə olunub
