ASTA-nın dəstəyi ilə 15 futbolçumuz MARCET akademiyasında məşq edəcək
Ölkəmizdə müxtəlif idman növləri üzrə xüsusi bacarığı olan yeniyetmə və gənclərin seçilərək qabaqcıl təcrübə əsasında yüksək hazırlıq prosesini həyata keçirən Azərbaycan İdman İstedadları Akademiyası növbəti uğura imza atıb.
ASTA rəhbərliyinin bir müddət əvvəl ölkəmizə dəvət etdiyi İspaniyanın dünyaca məşhur MARCET futbol akademiyasının mütəxəssisləri 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında müvafiq seçim prosedurlarından sonra 15 oyunçunun namizədliyini təsdiqləyiblər.
Gənc futbolçular qarşıdakı 4 il ərzində MARCET akademiyasında beynəlxalq standartlara cavab verən müasir səviyyədə təhsil alaraq unikal bacarıqlara yiyələnəcəklər. Onların MARCET akademiyasında olduqları müddətdə təhsil, təlim və yaşayışla bağlı bütün xərcləri isə ASTA tərəfindən qarşılanacaq.
Qeyd edək ki, İspaniyaya yola salınan yeniyetmələr artıq MARCET akademiyasında tədris-təlim prosesinə cəlb olunaraq İspaniya A seriyasının müxtəlif komandalarının futbolçuları ilə yoxlama-sınaq məşqlərində də iştirak ediblər.