Erməni silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib
Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus Pilotsuz Uçuş Aparatlarının səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.
Bundan başqa, saat 11:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.