Gürcü politoloqlar Baku TV-yə danışdı | Paris-Tbilisi münasibətləri niyə gərginləşdi?
Salome Zurabişvili Gürcüstan siyasətindən uzaqlaşdıqdan sonra Paris və Tbilisi arasında münasibətlər gərginləşib.
Buna səbəb isə Fransa Prezidentinin Gürcüstanın daxili işlərinə qarışma cəhdləridir.
Məsələ barədə Baku TV-yə danışan gürcü politoloqlar Makronu əvvəlcə öz ölkəsindəki problemləri həll etməyə çağırıblar.
Politoloq Davit Çxelidze Qərbin Cənubi Qafqaza təsir göstərməyə çalışmasının demokratik prinsiplərə zidd olduğunu bildirib.
“Seçkidə məğlub olub, hakimiyyəti formalaşdıra bilməyən birinin Gürcüstanın daxili işlərinə qarışması heç də xoş deyil. Düşünürəm ki, büdcə ilə bağlı razılaşmaya gələ bilmədikləri üçün bir neçə həftəyə Fransada yeni hökumət formalaşdırmaq məcburiyyəti yaranacaq”, – o qeyd edib.
Politoloq Badri Naçkebianın sözlərinə görə, Fransada hökumət dəyişəcəyi təqdirdə Gürcüstanla əlaqələr normallaşa bilər.
“Fransa Gürcüstana qarşı sərt tədbirlərin görülməsini önə sürür. Avropa strukturlarının belə ortaq nəticəyə gəlmədiyi məsələlərdə tez tələsik sanksiyaların tətbiqi isə məntiqə uyğun deyil. Ümid edirəm ki, Fransada hökumət dəyişəcək və hakimiyyətə daha realist qüvvələr gələcək. Bu zaman mövcud vəziyyət nəzərdən keçirilərək, Gürcüstanla münasibətlər də normallaşa bilər”, – politoloq əlavə edib.