İlham Əliyev Albaniya ilə əməkdaşlıqdan danışdı
“Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var”.
Bu sözləri Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
“Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.
Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik”, – dövlət başçısı bildirib.