İlham Əliyev Cozef Baydenə məktub göndərdi
“Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər”.
Bu barədə Prezident İlham Əliyev ABŞ-nin 4 İyul – Müstəqillik Günü münasibətilə həmkarı Cozef Baydenə ünvanladığı məktubda bildirib.
Dövlət başçısı qeyd edib ki, enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.
“ABŞ-nin Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk”, – deyə Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı xüsusilə iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulayıb. ABŞ-nin noyabrda Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistanla münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycanla ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, – deyə İlham Əliyev ABŞ-nin Müstəqillik Günü münasibətilə həmkarı Cozef Baydenə ünvanladığı məktubda əlavə edib.