İranda həbs edilmiş Fəridlə görüş üçün hərəkətə keçildi
İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib.
O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan XİN-ə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb:
“Çoxsaylı müraciətlərdən sonra İran tərəfi Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başlanıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib”.
Nazirlikdən həmçinin bildirilib ki, məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud tərkibdə fəaliyyət göstərməsinə baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm XİN, həm də Təbrizdəki Baş Konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır.
“Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür”, – deyə nazirliyin açıqlamasında qeyd olunur.