İslam fundamentalizminə qarşı mübarizə adı altında soydaşlarımız təqib olunurdu
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı araşdırmaçı jurnalist, publisist Səyyad Ağbabalı olub.
O, doğulub boya-başa çatdığı Ağbaba mahalından, İlanlı – Çaybasar kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycanda əsirlikdə qalan, yandırılan, dağıdılan yüzlərlə yaşayış məntəqəsinin sakinləri kimi, onun üçün də doğma kənddə keçirdiyi günlər əzizdir, unudulmaz xatirələrdir. Müsahib Vətən həsrəti ilə yaşadığını, yuxularında tez-tez Çaybasara getdiyini dilə gətirib.
Bolşevik, kommunist libasına bürünən daşnakların Qərbi Azərbaycandakı soydaşlarımıza münasibətindən danışan S.Ağbabalı deyib ki, ötən əsrin 1918-1920-ci illərində, eləcə də sovet hakimiyyəti dövründə ermənilər azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib, insanları öz ata-baba yurdundan didərgin salıblar. O, babasının, onun qardaşlarının, bacısı oğlunun da ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib.
Qeyd edib ki, sovet hakimiyyəti illərində İslam fundamentalizminə qarşı mübarizə adı altında soydaşlarımız təqib olunublar. Belə ki, perspektivli azərbaycanlı kadrlara böhtan atılıb, şərlənib, həbs edilib, həmçinin “qolçomaq” kimi Vətəndən sürgün olunublar.