Nazir müavini ATƏT nümayəndəsini məlumatlandırdı
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrovla görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı 7 fevral 2024-cü il tarixinə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub.
Elnur Məmmədov qarşıdan gələn seçkinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkidə iştirakı, xaricdə yaşayan və ya müvəqqəti olaraq xarici ölkədə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi ilə bağlı tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.