Podolyak Azərbaycanın Ukraynaya yardımı haqda "Baku TV"yə danışdı
Bir sıra ölkələrin Ukraynaya yardımının zəiflədiyi qış mövsümündə, xüsusilə ölkəyə hava hücumlarının artdığı ərəfədə Azərbaycanın elektrik enerjisi yardımının əhəmiyyəti artıb.
Bu barədə Baku TV-yə Ukrayna Prezidenti Ofisi başçısının müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, Azərbaycan bu istiqamətdə Ukraynaya fəal yardım göstərib:
“Ölkələrin kritik infrastruktura, xüsusilə enerji infrastrukturuna hücumla bağlı yaranan humanitar və sosial riskləri başa düşmələri bizim üçün çox vacibdir. Bəli, bu il Ukraynanın bütün müdafiə sistemi fərqli şəkildə qurulub. Raket və zenit sistemlərinin sayı artırılıb.
Əlbəttə, bizim kritik infrastruktura edilən hücumları dəf etmək təcrübəmiz var ki, bu da bizə həm dinamik, həm də stasionar müdafiə qurmağa imkan verir. Amma burada çox vacib məqam tədarük olunan komponentlər baxımından digər ölkələrin yardımıdır.
Buraya təkcə generatorlar, elektrik kabelləri daxil deyil. Azərbaycan da bu istiqamətdə bizə fəal yardım göstərib. Bu, əslində, Azərbaycanın müsbət beynəlxalq imici ilə xarakterizə olunur”.
Qeyd edək ki, Azərbaycan ötən qış və bu qış Ukraynaya generator və transformatorlardan ibarət silsilə yardımlar göndərməkdə davam edir.