Putin və Paşinyan arasında görüş keçirildi | Nələr müzakirə olundu? - Baku TV
“Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub”.
Bu barədə Rusiya lideri Vladimir Putin Kremldə N.Paşinyanla görüşündə bildirib.
V.Putin həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
O əlavə edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı digər ölkələrin daxili proseslərinə müdaxilə etməməlidir.
V.Putin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunub.
"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq, mahiyyətcə mümkün deyil və məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır", – deyə V.Putin əlavə edib.
"Azərbaycanla sülh İrəvan-Moskva münasibətlərinə müsbət təsir göstərir".
Bunu isə Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
O həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan ərazisindən dəmir yolu daşımaları Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin inkişafına kömək edir.
Görüşdə tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və perspektivləri, əsas regional məsələlər, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edib.
#Nikol Paşinyan teqi istifadə olunub
