Riyakar ABŞ-nin Qəzza ilə bağlı ikibaşlı siyasəti
2023-cü ilin 7 oktyabrında başlayan HƏMAS-İsrail münaqişəsi dünya siyasətinin başlıca mövzularından birinə çevrilib.
Minlərlə insanın həlak olduğu silahlı qarşıdurma məsələyə humanitar yanaşmanı zəruri edir. Çoxsaylı ölkələr, beynəlxalq təşkilatlar atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı çağırışlar etsə də bu baş tutmayıb.
Səbəb isə Amerika Birləşmiş Ştatlarının atəşkəslə bağlı qətnamə layihələrinə veto qoymasıdır. Yəni Birləşmiş Ştatlar Qəzza ilə bağlı həm humanitar çağırışlar edir, həm də prosesin müsbət həllinə bilavasitə əngəl törədir. Dolayısı ilə riyakar siyasətini bir daha nümayiş etdirir.
Azərbaycan işğala məruz qaldığı dövrdə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri də Birləşmiş Ştatlar idi. Lakin bu ölkə sadəcə saxta bəyanatlar verməklə kifayətləndi, konkret addımlar atmadı.
Üstəlik, Birləşmiş Ştatların diqtəsi ilə hərəkət edən Ukraynanın, qan gölünə çevrilən Yaxın Şərqin aqibəti də göz önündədir. Bu ikiüzlü siyasət İsrail-Fələstin münasibətlərinin də normallaşmasına mane olur.
Təbii ki, baş verənlər Amerika Birləşmiş Ştatlarının həm də beynəlxalq hüquqa hörmətsizliyidir. Elə bunun nəticəsidir ki, dünyanın müxtəlif bölgələrində baş verən iğtişaşlar, müharibələrin və dövlət çevrilişlərin arxasından məhz rəsmi Vaşinqton çıxır.