“Yalandır, böhtandır!” | Çörək zavodu ilə bağlı qalmaqallı iddia | “İçinə qatırlar ki...” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıtda fəaliyyət göstərən çörək zavodlarından biri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Vətəndaş aldığı çörəyin içərisindən köhnə çörək qalıqlarının çıxdığını iddia edib. Onun sözlərinə görə, bu halla artıq bir neçə dəfə qarşılaşıb.
Bu iddialar çörək istehsalında keyfiyyətə və qida təhlükəsizliyinə nəzarət məsələsini yenidən gündəmə gətirib.
Məsələyə münasibət bildirən qida mütəxəssisi Seymur Qafarov satışdan geri qaytarılan və istehlak üçün yararsız hala düşən çörəklərin yenidən xəmirə qatılaraq istehsalda istifadəsinin yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, belə məhsullar müəyyən hallarda heyvan yeminin hazırlanmasında və ya bioorqanik gübrə istehsalında istifadə edilə bilər. Lakin hazır çörəyin yeni hazırlanacaq xəmirə qarışdırılması qida təhlükəsizliyi baxımından qəbuledilməzdir.
İddialara aydınlıq gətirmək üçün Baku TV-nin çəkiliş qrupu Sumqayıt çörək zavoduna yollanıb. Müəssisənin direktoru səsləndirilən fikirləri təkzib edib. O, zavodda mağazalardan geri qaytarılan çörəklərin istehsalda istifadə olunmadığını və bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Məsələyə daha geniş aspektdən yanaşdıqda diqqətçəkən məqamlardan biri də sənaye üsulu ilə istehsal olunan lavaş və yuxaların tərkibidir. Ənənəvi üsulla hazırlanan bu məhsullar əsasən un, su və duzdan ibarət olsa da, qablaşdırılaraq uzun müddət satışda saxlanılan məhsullara yumşaqlığını qorumaq, qurumasını və kiflənməsini gecikdirmək məqsədilə müxtəlif qida əlavələri daxil edilir. Onlardan biri də kalsium propionat, yəni E-282 kodlu konservantdır.
Bəs bu maddənin yuxa və lavaş istehsalında istifadəsi nə dərəcədə təhlükəsizdir və insan sağlamlığı üçün hansı riskləri yarada bilər?
Həkim Mübariz Əliyev bu konservantın normaya uyğun istifadəsinin əksər insanlar üçün ciddi risk yaratmadığını, lakin həddindən artıq qəbulunun arzuolunmaz təsirlərə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə miqren və qida həssaslığı olan şəxslər belə məhsullara qarşı fərdi reaksiyalarına diqqət yetirməlidirlər.
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtdakı zavodla bağlı qalmaqallı iddia | Çörəyin içindən nə çıxdı? - Baku TV CANLI
- Şəhərin mərkəzində yol çökdü: Qəzanın səbəbi açıqlandı - Baku TV
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI
- Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV
