İsrail-Livan razılaşmasının pərdəarxası | Netanyahu təcili açıqlama verdi
“İsrail Livanda 60 günlük atəşkəslə razılaşdı, lakin “Hizbullah”a qarşı hərbi əməliyyatlar davam edəcək”.
Belə bir bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
O bildirib ki, yaxın günlərdə rəsmi Təl-Əvivdə yüksək səviyyəli təhlükəsizlik kabinetinin nümayəndələri bir araya gələcək.
“The Times of Israel” nəşrinin məlumatına görə, ABŞ-nin BMT-də fəaliyyət göstərməsi ilə bağlı təhdidlər Qüdsün qərar qəbul etməsində mühüm rol oynayıb.
Bu atəşkəsin baş tuta bilməsi üçün Ağ Ev lideri Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron aylardır ki, təkliflər planı hazırlayırdı. Hətta atəşkəsdən üç gün öncə, yəni noyabrın 23-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Hər şey hər kəsi qane edəcək tərzdə icra ediləcək” deyib və elə də olub. Hələ ki tərəfləri əldə olunan razılaşma qane edir kimi görünür.
Xatırladaq ki, İsraillə Livan arasında müharibə rəsmi Beyrutun Qəzzadakı HƏMAS silahlı qruplaşmasına 7 oktyabr hadisələrindən sonra verdiyi dəstək fonunda başlayıb. Bu dəfə də HƏMAS susmayaraq bildirib ki, İsraillə Livan arasındakı atəşkəsi dəstəkləyirik, amma buna baxmayaraq, bizim onlarla müharibəmiz hələ bitməyib.
Məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, HƏMAS-ın demək olar ki, barmaqla sayılacaq qədər lideri qalıb və “sayma azalarıq” deyən silahlı qruplaşma rəsmiləri bu bəyanatı anonim olaraq səsləndirib. İsraili məhz kimin hədələdiyi isə açıqlanmayıb.
Belə bir bəyanatdan sonra HƏMAS-ın adından bir növ üzr istəyən Livandakı qruplaşmanın lideri Usamə Həmdan yerli telekanallara müsahibə verərək bildirib ki, atəşkəslə bağlı istənilən razılaşmanı alqışlayır:
“Hizbullah” xalqımızın yanında olub və əhəmiyyətli fədakarlıqlar edib”.