Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
Enerji Dialoqu Platforması çərçivəsində SOCAR-ın və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gənc media nümayəndələri üçün “Qlobal enerji bazarlarında yeni çağırışlar: etibarlı tərəfdaşlıq və Azərbaycanın strateji rolu” mövzusunda silsilə məlumatlandırma sessiyalarına start verilib.
Milli Mətbuat Gününə həsr olunmuş və 3 iyul 2026-cı il tarixinədək davam edəcək tədbir çərçivəsində 30-dan çox media qurumundan olan jurnalistlər enerji təhlükəsizliyi, qlobal enerji transformasiyası, beynəlxalq enerji bazarlarında baş verən əsas tendensiyalar, eləcə də SOCAR-ın “upstream”, “midstream” və “downstream” fəaliyyət istiqamətləri barədə təqdimatları dinləyəcək, müzakirələrdə və sahə turlarında iştirak edəcəklər.
Tədbirin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov regional və qlobal enerji proseslərinin anlaşılması, mürəkkəb mövzuların obyektiv və peşəkar şəkildə təqdim edilməsinin bu gün media qarşısında duran vacib vəzifələrdən olduğunu bildirib.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova isə çıxışında Enerji Dialoqu Platforması təşəbbüsü, silsilə məlumatlandırma sessiyaları barədə məlumat verib.
Aygün Hüseynova Enerji Dialoqu Platforması təşəbbüsünün enerji sektoru ilə bağlı maraqlı tərəflər arasında açıq, peşəkar və davamlı dialoq mühitinin formalaşdırılması məqsədi daşıdığını bildirib.
Sonra SOCAR-ın rəhbər şəxsləri tərəfindən şirkətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı təqdimatlar və çıxışlar dinlənilib.
Daha sonra tədbir sual-cavab sessiyası ilə davam etdirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
