Qlobal ərzaq təhdidi qarşısında Azərbaycanın güclü və zəif tərəfləri hansılardır? - Baku TV
ABŞ və İran arasında Hörmüz boğazı ətrafında yaranmış qarşıdurma kənd təsərrüfatına və qlobal ərzaq təchizatına ciddi təsir göstərir.
BMT rəsmiləri xəbərdarlıq edirlər ki, boğaz vasitəsilə gübrə daşınmasının bərpası üçün razılaşma əldə olunmasa, Asiya və Afrikanın bəzi ölkələri ərzaq təhlükəsizliyi böhranı ilə üzləşə bilər. Eyni zamanda istehsal xərclərinin və ərzaq qiymətlərinin artacağı gözlənilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Baku TV-yə açıqlamasında bildirib ki, Hörmüz boğazındakı gərginlik yalnız enerji bazarına deyil, kənd təsərrüfatı üçün vacib olan gübrələrin tədarükünə də təsir edir.
Onun sözlərinə görə, dünyada kənd təsərrüfatında istifadə edilən azot gübrələrinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Naviqasiyada yaranan çətinliklər isə həm gübrələrin, həm də kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına səbəb olur.
“Gübrələrin qiyməti bəzi ölkələrdə 45-60 faiz artıb. Daşıma xərclərində də ciddi bahalaşma müşahidə olunur. Gərginlik davam edərsə, xüsusilə qışa doğru qiymət artımı yenidən sürətlənə bilər”, – deyə ekspert vurğulayıb.
İlham Şaban qeyd edib ki, qlobal gübrə bazarında yaranan problemlər əvvəlki təchizat zəncirlərinin pozulması ilə daha da dərinləşib. Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə naviqasiya ilə bağlı çətinliklərdən sonra Hörmüz boğazı ətrafındakı gərginlik də bazara əlavə təzyiq göstərib.
Onun sözlərinə görə, qlobal böhran Azərbaycan üçün həm əlavə gəlir imkanları, həm də iqtisadi risklər yaradır.
Belə ki, dünya bazarında neft və qaz qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərini artıra bilər. Eyni zamanda ölkənin gübrə ixracatçısı olması da mövcud vəziyyətdə müəyyən üstünlüklər yaradır.
Bununla belə, Azərbaycan idxal etdiyi qeyri-neft məhsulları və ərzaq hesabına artan qiymət təzyiqi ilə də üzləşə bilər.
“Bir tərəfdən daha çox qazanırsan, digər tərəfdən isə həmin qazancın müəyyən hissəsi qiymət artımının yaratdığı xərclərin ödənilməsinə gedir”, – deyə ekspert vəziyyəti şərh edib.
İlham Şaban hesab edir ki, qlobal böhranın uzanması ehtimalına qarşı Azərbaycan daxili bazarın qorunmasına və yerli istehsalın genişləndirilməsinə üstünlük verməlidir.
