Ağaclar hansı məqsədlə kəsilib? - Yeni Suraxanıda nə baş verir? - Baku TV
Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti 414 ünvanında ağacların kəsilməsi və ərazinin hasarlanması sakinlərin ciddi narazılığına səbəb olub. Baku.tv-nin hadisə yerindən hazırladığı reportajda qeyd olunur ki, yaşıllıq zolağının məhv edilməsi və ərazidə tikinti işlərinə hazırlıq görülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər təsdiqini tapıb. Sakinlər illərdir qulluq etdikləri ağacların gecə saatlarında kəsildiyini və ərazinin mənimsənildiyini iddia edirlər. Suraxanı Rayon İcra Hakimiyyəti ərazidə hər hansı ağackəsmə faktının olmadığını bildirsə də, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktla bağlı birgə araşdırmalara başlayıb. İlkin müşahidələr ərazidə mərhələli şəkildə ağacların qurudulması və kəsilməsi izlərini ortaya qoyub. Araşdırmanın nəticəsindən asılı olaraq təqsirkar şəxslərin hüquqi məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
