Azərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - Baku TV
Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəkir. Bu, sadəcə, növbəti kadr dəyişikliyi deyil. Söhbət səhiyyənin idarə olunmasında daha çevik, səmərəli və vətəndaş yönümlü modelə keçiddən gedir.
Son illər icbari tibbi sığorta sisteminin tətbiqi, xidmət paketinin genişləndirilməsi və tibbi xidmətlərin əhatə dairəsinin artırılması istiqamətində atılan addımlar indi artıq yeni institusional mərhələyə daxil olur.
Bu mərhələnin əsas hüquqi bazasını Prezident İlham Əliyevin martın 19-da imzaladığı Fərman formalaşdırır. Həmin sənəd icbari tibbi sığorta sahəsində funksiyaların yenidən bölüşdürülməsini, səhiyyə və sosial müdafiə institutları arasında koordinasiyanın gücləndirilməsini, eyni zamanda TƏBİB-in rolunun artırılmasını nəzərdə tutur. Başqa sözlə, əvvəlki pərakəndə idarəetmə modeli tədricən daha mərkəzləşdirilmiş, nəticəyönümlü və hesabatlı sistemlə əvəzlənir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, ölkəmizdə baş verən səhiyyə islahatları və dəyişikliklər yeni mərhələdə səhiyyə və sosial müdafiə sistemləri arasında daha səmərəli koordinasiyanın qurulmasını nəzərdə tutur:
“Bu isə həm İcbari tibbi sığorta fondunun vəsaitlərinin daha effektiv idarə olunmasına, həm də resursların düzgün istiqamətləndirilməsinə imkan verəcək başlanğıcdır. Xüsusilə də regionlarda xidmətlərin səviyyəsinin yüksəldilməsi əsas prioritet hədəflərdən biridir ki, mərkəz Bakı ilə bölgələr arasında zaman içərisində fərqlərin azaldılması hədəflənməkdədir. Birmənalı olaraq daha çevik, nəticəyönümlü və vətəndaş yönümlü idarəetmə modelinin formalaşmasına şərait yaradılacaq”.
