Ölümə görə kompensasiya qalmaqalı | Şirkət niyə ödəniş etmir? - Baku TV
Vətəndaş Qadir Ağayev iddia edir ki, atası “T.T.Ş-İnşaat” MMC və “Qayıdış” şirkətində ekskavator operatoru vəzifəsində çalışıb. Onun sözlərinə görə, atası iş zamanı xəsarət aldığından həyatını itirib.
Atasının ölümündən sonra şirkət rəhbərliyi mərhuma ödənilməli olan əməkhaqqının təqdim edilməsi üçün Qadir Ağayevdən vərəsəlik sənədi istəyib. Qadir Ağayev bildirir ki, sözügedən sənədi təqdim etsə də, şirkət ödəniş etməkdən imtina edib.
Məsələ ilə bağlı şirkətin hüquqşünası Asif Məmmədov bildirib ki, işçi işə çıxmadığı müddətdə belə ona bir il bir ay ərzində ödəniş edilib. Onun sözlərinə görə, həmin şəxs yaşadığı evdə insult keçirərək vəfat edib.
Asif Məmmədov qeyd edib ki, Qadir Ağayevə vərəsəlik sənədləri rəsmi qaydada təqdim olunarsa, qanunvericiliyə uyğun olaraq əməkhaqqının üç misli həcmində müavinət ödəniləcəyi bildirilsə də, sənədlər təqdim olunmayıb.
Bəs belə olan halda həlak olan şəxsin ailə üzvü hansı kompensasiya hüququna malikdir?
Hüquqşünas Şamil Paşayev vurğulayıb ki, mərhumun varisi onun hüquqlarını müdafiə etmək və şikayət etmək hüququna malikdir. Əgər tərəflər arasında münasibətlər əmək münasibəti deyil, xidməti və ya mülki müqavilə əsasında qurulubsa, bu halda hər hansı əməkhaqqı və ya təzminatın ödənilməsi mümkün deyil.
Hüquqşünas əlavə edib ki, əgər varis vəfat edən atasının maaşının təklif olunan məbləğdən daha yüksək olduğunu iddia edirsə, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məsələ hazırda araşdırılır.
