Xocalı soyqırımının səbəbkarlarından olan Zori Balayan öldü - Baku TV
Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
Zori Balayan Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və ermənilərin bədnam “Miatsum” (“birləşmə”) şüarının müəlliflərindən biridir.
O, 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə ermənilər arasında məşhurlaşıb. Kitabda Zori Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib.
O həmçinin kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib.
Zori Balayan həm də Xocalı soyqırımının təşəbbüskarlarındandır. 1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ Prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.
Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilən qanlı terrorun sifarişçisi olub. Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı. 2005-ci ilin mayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanılsa da, polis məntəqəsində 4 saat saxlanıldıqdan sonra sərbəst buraxıldı.
