900 uçuş, 2,9 milyon dollar maaş və saxta sənədlər
Kanadada "Air Canada” aviaşirkətində təxminən 17 il ərzində sərnişin daşınması üçün tələb olunan ən yüksək pilot lisenziyası olmadan 900-dən çox uçuş həyata keçirdiyi iddia edilən pilot saxlanılıb.
Son dərəcə nadir hal kimi qiymətləndirilən hadisənin "baş qəhrəmanı" Cefri Vol adlı pilotun sənədlərində uyğunsuzluqlar aşkar edildikdən sonra istintaq başlanılıb. Onun kommersiya pilot lisenziyasına malik olduğu, lakin hava yolu nəqliyyatı pilot lisenziyasının olmadığı qeyd edilib.
Bildirilir ki, Vol 2009-cu ildə müvafiq icazə olmadan hava yolu pilotu kimi fəaliyyətə başlayıb və 2025-ci ildə təqaüdə çıxıb.
Məlumata görə, o, 27 illik karyerasının təxminən 17 ili ərzində 900-dən çox daxili və beynəlxalq reysdə sərnişin təyyarələrini idarə edib və bu müddətdə 2,9 milyon Kanada dollarından çox əməkhaqqı alıb.
"Air Canada" hadisədən dərhal sonra pilotun uçuşlardan kənarlaşdırıldığını və məsələnin Kanada Nəqliyyat Nazirliyinə könüllü şəkildə bildirildiyini açıqlayıb. Pilotun əməlləri ilə bağlı ona dələduzluq, sənədlərin saxtalaşdırılması, ictimai asayişi pozma və saxta nişan saxlama kimi ittihamlar irəli sürülüb.
