Donald Tramp müharibəni davam etdirmək istəyir
ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün bu ölkə ilə müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.
O bu barədə Ağ Evdəki Pasxa tədbirində çıxışı zamanı qeyd edib.
"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq. ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır, mən bunu nəzərə alıram və xalqı xoşbəxt etmək istəyirəm", – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp həmçinin İranın hazırkı liderləri haqqında danışıb: "Yeni rəhbərlər müharibədə həlak olan əvvəlki liderlərə nisbətən daha az radikaldır. Bu, onları daha praqmatik və danışıqlara açıq edir. Hazırda İran adından danışıqlar aparan şəxslər qat-qat daha ağıllıdır. Tam rejim dəyişikliyi baş verib. Əgər İran rəhbərliyi lazımi addımlar atarsa, müharibə çox tez başa çata bilər".
Tramp eyni zamanda İranla saziş bağlamaq üçün özü tərəfindən çərşənbə axşamına təyin edilmiş dedlaynı xatırladıb. O əlavə edib ki, İranın təklifi əhəmiyyətli olsa da, kifayət qədər yaxşı deyil.
