İsrail “Hizbullah”ın 2 üzvünü zərərsizləşdirdi
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Livanın cənubundakı Yater yaşayış məntəqəsinə hücum edib, nəticədə radikal "Hizbullah" təşkilatının iki üzvü həlak olub.
Bu barədə "Janoubia" portalı məlumat yayıb.
Qeyd olunub ki, öldürülən döyüşçülərdən biri pilotsuz uçuş aparatının raket atdığı avtomobili, digəri isə motosikleti idarə edirdi.
İsrail Ordusunun nümayəndəsi Avixay Edri isə "X" sosial şəbəkəsində ərəb dilində yaydığı açıqlamada hava hücumunun məqsədinin "Radvan" adlı diversiya xüsusi bölməsinin üzvlərinin zərərsizləşdirilməsi olduğunu bildirib.
Bu arada, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında "sarı xətti" keçməyə cəhd edən döyüşçülərin zərərsizləşdirildiyini də açıqlayıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında atəşkəs xəttini keçən bir neçə döyüşçüyə aviazərbələr endirib.
Qeyd olunub ki, üç ayrı insident zamanı bir neçə nəfər "sarı xətt"i keçərək Qüds briqadası və "Qəzza" diviziyasının Şimal briqadasının mövqelərinə yaxınlaşaraq təhlükə yaradıb.
