İsrail Ordusu Beyruta yeni zərbələr endirməyi planlaşdırır
İsrailin aprelin 8-də endirdiyi zərbələrdən sonra Livanda ölənlərin sayı 303 nəfərə çatıb, azı 1150 nəfər isə yaralanıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Həmçinin qeyd olunur ki, martın 2-də İsrail və "Hizbullah" arasında gərginliyin başlamasından bəri Livanda ölənlərin ümumi sayı 1888-ə çatıb, 6092 nəfər yaralanıb. Nazirlik axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının arta biləcəyini vurğulayıb.
Qeyd edək ki, İsrailin endirdiyi zərbələrdə həlak olanların xatirəsinə Livanda 9 aprel milli matəm günü elan edilib.
Bu arada, İsrailin Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Livanda "Hizbullah"a qarşı döyüş əməliyyatlarını davam etdirmək planlarını təsdiqləyib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Eyal Zamir Livanın cənubundakı bir bölgəyə səfər edib və orada hərbçilərlə əməliyyat görüşü keçirib. İsrail hərbçiləri Livan ərazisindəki gələcək fəaliyyət planlarını müzakirə ediblər. "Biz "Hizbullah"a qarşı quru əməliyyatlarını dərinləşdirməyə və zərbələr endirməyə davam edəcəyik", – deyə general söyləyib.
İsrail Müdafiə Ordusu qarşıdakı aviazərbələrlə bağlı Beyrutun cənubundakı səkkiz məhəllənin sakinlərini təxliyə olunmağa çağırıb. Bu barədə İsrail Ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, "Hizbullah" təşkilatının 8 bölgədə yerləşən obyektlərinə zərbələr endiriləcək.
