İtaliyanın Ukraynaya dəstəyi ilə bağlı Zaxarovadan açıqlama
“İtaliya tamamilə çökmək üzrədir – iqtisadiyyatdan tutmuş qüllələrə qədər. Hökumət vergi ödəyicilərinin pulunu Ukraynaya mənasız xərcləməyə davam edərsə, bu baş verəcək”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Roma şəhərinin mərkəzində tarixi qüllənin qismən dağılmasını belə şərh edib:
“Xatırladım ki, bu ilin mayında İtaliya Xarici İşlər Nazirliyi bildirmişdi ki, İtaliyanın Ukraynaya dəstəyi, o cümlədən hərbi yardım və Avropa İttifaqı mexanizmləri vasitəsilə edilən töhfələr təxminən 2,5 milyard avroya çatır, bunun təxminən 1 milyard avrosu qaçqınlara, 310 milyon avro dövlət büdcəsinə dəstəyə, 93 milyon avro isə humanitar fəaliyyətə yönəldilib. Hökumət vergi ödəyicilərinin pulunu mənasız yerlərə xərcləməyə davam etdiyi müddətcə İtaliya tamamilə çökəcək – iqtisadiyyatdan tutmuş qüllələrə qədər”.
ANSA agentliyinin məlumatına görə, Romada tarixi qüllənin uçması nəticəsində dörd nəfər xəsarət alıb, onlardan biri ağır vəziyyətdədir.
Xatırladaq ki, İtaliya müdafiə naziri Quido Krozetto bundan əvvəl Ukraynaya 12-ci hərbi yardım paketinin tezliklə hazırlanacağını açıqlayıb.
