Pekin Tayvanın yeni təchizat planlarını sərt tənqid etdi
Çin hakimiyyəti Tayvan rəhbərliyinin materik Çinlə bağlı təchizat zəncirlərindən ayrılmaq planlarını adanın sənayesinin faktiki olaraq başqalarına verilməsi kimi qiymətləndirib.
Bu barədə Çin Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Can Xan brifinqdə bildirib.
Onun sözlərinə görə, Tayvanda hakim olan Demokratik Proqressiv Partiyanın Çindən asılı olmayan təchizat zənciri yaratmaqla bağlı bəyanatları əslində adanın sənayesinin xarici qüvvələrin ixtiyarına verilməsi deməkdir və bu, müstəqillik planlarını həyata keçirmək məqsədi daşıyır.
Can Xan əlavə edib ki, bu il start verilən 15-ci beşillik proqram (2026-2030) Tayvan boğazının hər iki tərəfində inteqrasiyanın genişlənməsi üçün yeni imkanlar yaradacaq. O, bu fikirləri Tayvan administrasiyasının rəhbəri Lay Tszindenin adanın ABŞ-nin rəhbərlik etdiyi təchizat zəncirlərinə inteqrasiyasının ona rəqabət üstünlüyü verəcəyi barədə açıqlamasına münasibət bildirərkən səsləndirib.
