Zelenski və Roma Papası görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyada Roma Papası XIV Leo ilə görüşüb.
Vatikanın bəyanatında bildirilir ki, Papa Leo Zelenski ilə görüşü zamanı ədalətli və davamlı sülh məqsədi daşıyan dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
"Bundan başqa, hərbi əsirlər məsələsi və ukraynalı uşaqların ailələrinə qaytarılmasının təmin edilməsinin zəruriliyi də müzakirə olunub", – deyə Vatikandan bildirilib.
Qeyd edək ki, Zelenski Papa Leo ilə Romaya yaxın iqamətgahda görüşüb və Ukrayna lideri günün sonunda İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşəcək.
Xatırladaq ki, dekabrın 8-də Zelenski Londonda Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşüb, daha sonra isə Brüsseldə Avropa İttifaqı və NATO rəhbərləri ilə danışıqlar aparıb.
