Azərbaycan mədəniyyəti Dohada sərgilənib: beynəlxalq sərgi işə başladı
Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Doha Ekspo 2023” Beynəlxalq Bağçılıq Sərgisində yaradılan Azərbaycan pavilyonu oktyabrın 2-dən fəaliyyətə başlayıb.
Oktyabrın 2-dən 2024-cü il martın 28-nədək fəaliyyət göstərəcək “Doha Ekspo 2023” “Yaşıl səhra, daha yaxşı ətraf mühit” mövzusunda təşkil edilib. Milli pavilyonumuzda “Doha Ekspo”nun ümumi mövzusuna uyğun Azərbaycan florasının zənginliyi göstərilib və iqlim zonalarına uyğun olaraq bitkilərdən kompozisiyalar yaradılıb. Burada Qarabağ florasının tacı olan Xarıbülbül çiçəyinin gözəlliyi də ziyarətçilərə çatdırılır. Pavilyonda həmçinin Azərbaycan mədəniyyətinə dair eksponat və məlumatlar yer alıb. Burada xalçaçılıq, misgərlik, şəbəkə kimi xalq sənətkarlığı, milli geyimlər, eləcə də muğam triosu nümayiş olunub.
Sərgidə 70-dən çox ölkə və 20-yə yaxın beynəlxalq təşkilat təmsil olunur. Ziyarətçilər ekspo çərçivəsində müasir kənd təsərrüfatı, texnologiya və innovasiyalar, ekoloji maarifləndirmə və davamlılıq mövzuları ilə tanış ola biləcək.
1,7 milyon kvadratmetr ərazisi olan tədbir məkanı Dohanın ən böyük parklarından birində keçirilir. Burada ərazi pavilyonların təqdim edildiyi Beynəlxalq Zona, əyləncəli tədbirlərin keçiriləcəyi Ailəvi Zona və müxtəlif debatların, konfrans və sərgilərin təşkil ediləcəyi Mədəniyyət Zonası olaraq 3 zonaya bölünüb.