Bayram günlərində hava necə olacaq? - Hava haqqında məlumat
Martın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacaq. Gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
21-i səhər yağıntılar tədricən kəsiləcək. 21-i gündüz, 22-si və 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi 20-si axşamdan tədricən zəifləyəcək.
Martın 21, 22 və 23-də mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-10 dərəcə isti olacaq.
Bölgələrdə də martın 20-də yağıntılı hava şəraiti davam edəcək. Dağlıq rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Martın 20-si axşamdan qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. 21, 22 və 23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 8-13 dərəcə isti, dağlıq rayonlarda isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.