"Dərməsək, heyifdir, xarab olur" | Qurum yayılan xəbərlərə necə reaksiya verdi? - Baku TV
Quba rayonunun meşəlik ərazilərində yabanı halda bitən müxtəlif meyvə, giləmeyvə və bitkilərə rast gəlinir. Bəzi vətəndaşlar bu məhsulları şəxsi ehtiyacları üçün, digərləri isə satış məqsədilə toplayırlar.
Son günlər sosial şəbəkələrdə meşələrdən giləmeyvə, o cümlədən böyürtkən toplayan şəxslərin cərimələnməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar isə vətəndaşlar arasında narahatlıq və müzakirələrə səbəb olub.
Sözügedən ərazidə yaşayan sakinlərin sözlərinə görə, yabanı meyvə və giləmeyvə toplayanlara bununla bağlı cərimə tətbiq edilmir.
“Heç bir narahatlıq yoxdur, cərimə edilmirik. Dərməsən, xarab olur, üstünə yağış tökülür”, – deyə satıcı yayılan məlumatların əsassız olduğunu bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov da bildirib ki, vətəndaşların meşədən meyvə və ya giləmeyvə toplamasına görə cərimələnməsi barədə hər hansı qərar mövcud deyil:
“Deyilənlər həqiqəti əks etdirmir. Belə bir qadağa və ya qərar yoxdur. Bu məsələ ilə bağlı vətəndaşlar arasında olan narahatlıq əsassızdır və gərginlik yaradacaq məlumatların yayılması düzgün hesab edilmir”.
