Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi insanlar gün ərzində su içməyi unudur, bəziləri isə sağlamlıq və arıqlamaq məqsədilə gündəlik su normasını aşır.
Bəs görəsən, gün ərzində nə qədər su içmək lazımdır?
Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynovanın sözlərinə görə, hər bir insanın gündəlik su tələbatı yaşına, çəkisinə, fiziki aktivliyinə, mövsümə və yaşadığı coğrafi əraziyə görə dəyişir.
Ekspert bildirib ki, ümumi standartlara əsasən, hər kiloqram bədən çəkisinə 30 millilitr su hesablanır. Lakin insanın fiziki aktivliyi yüksəkdirsə, bu miqdar artırıla bilər.
O, qısa müddətdə həddindən artıq su qəbulunun qandakı natrium səviyyəsinin azalmasına və qan təzyiqində dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.
Məhsəti Hüseynova qeyd edib ki, su zəhərlənməsinə şübhə yarandıqda onun qəbulunu dayandırmaq və dərhal həkimə müraciət etmək lazımdır. Huşun pozulması, nitqdə çətinlik və digər narahatedici əlamətlər müşahidə olunarsa, mütləq tibbi yardım alınmalıdır.
