Ölümlə nəticələnən dəhşətli ailə faciəsi - ARZUNUN VAXTI
Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh və 1997-ci təvəllüdlü Quliyev Toğrul xəstəxanada dünyasını dəyişib.
Baku TV-nin əməkdaşı partlayışın təfərrüatlarını öyrənmək üçün hadisə yerinə gedib.
Yaxınlarının məlumatına görə, hadisə zamanı həlak olan bacı-qardaş evin birinci mərtəbəsində, nənə və ataları həyətdə, anaları isə evin ikinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
“Fərəh reklam agentliyində işləyirdi, işdə hamı başına and içirdi. Öz zəhməti ilə işə götürülmüşdü, heç bir tanışı olmamışdı. CV ilə qəbul etmişdilər. Nə edə bilərik. Faciədir başımıza gəlib”, – bacı-qardaşın nənəsi deyib.
Qeyd edək ki, partlayışın məişət qazının sızması nəticəsində baş verdiyi ehtimal olunur.