Ramazan ayı başlayıb
Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür.
İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.
Qurani-Kərimdə yazılır: sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için, sonra gecəyə qədər orucunuzu tamamlayın.
Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqviminə görə, ilk Qədr gecəsi aprelin 9-u olacaq. Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək. Aprelin 21-i Ramazan bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.