Şərti sərhəddə təhlükəsizlik gücləndirilir | Zakir Həsənov əsas tələbləri açıqladı
Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, videobağlantı formatında keçirilən müşavirəyə nazir müavinləri, qoşun növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri cəlb olunub.
Giriş nitqi ilə çıxış edən Zakir Həsənov Prezident İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb. Nazir hərbi gücün və döyüş imkanlarının artırılmasının, eləcə də peşəkar kadr hazırlığının başlıca məqsədimiz olduğunu xüsusi vurğulayıb.
Müşavirədə şərti sərhəddə əməliyyat şəraiti və qoşunlarda bölmələrin gündəlik fəaliyyəti təhlil edilib, mövcud vəziyyətlə bağlı məruzələr dinlənilib. Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, ayıq-sayıqlığın artırılması, eləcə də revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.
Azərbaycan Ordusunun arsenalına daxil edilən yeni silah, texnika və hava hücum vasitələrinin imkanlarının, düzgün istismarının, həmçinin gecə və gündüz şəraitində effektiv döyüş tətbiqinin keçirilən təlimlərdə dərindən öyrənilməsinin əsas tələblərdən biri olduğu müşavirə iştirakçılarının nəzərinə çatdırılıb.