Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər aparılır - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Dənizkənarı Milli Parkın Ağ Şəhər Bulvarı ərazisində Xəzər dənizinin sahil sularının təmizlənməsi prosesi həyata keçirilir.
İşlər zamanı suyun üzərindəki müxtəlif tullantılar, qalıqlar və neft ləkələri xüsusi avadanlıqlar vasitəsilə təmizlənərək ərazidən kənarlaşdırılır.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyevanın sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalması və ekoloji vəziyyət dövlətin diqqətində olan məsələlərdəndir.
“Cari ilin əvvəlində Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş iclas keçirilib və müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlardan irəli gələrək sahil sularının təmizlənməsi istiqamətində işlərə başlanılıb”, – deyə Ə.Mehdiyeva bildirib.
Onun sözlərinə görə, təmizləmə işləri Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“Hazırda sahil suları neft ləkələrindən, üzvi tullantılardan və digər çirkləndiricilərdən təmizlənir. Suyun səviyyəsinin xeyli aşağı düşməsi səbəbindən işlər ənənəvi kater və qayıqlarla deyil, xüsusi avadanlıq və qurğular vasitəsilə aparılır”, – deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.
Ə.Mehdiyeva əlavə edib ki, təmizləmə işləri hava şəraitindən asılı olaraq mütəmadi şəkildə davam etdiriləcək.
